Riqada qiymətlər və yaşayış xərcləri

Riqaya gəlişimdən bir il yarımdan bir az artıq müddət keçir və buradakı qiymətlər, gündəlik və ümumiyyətlə yaşayış xərcləri haqqında müəyyən məlumat toplaya bilmişəm. Bu məqalədə həmin qiymətlər haqqında yazıb, əsasən bura gəlmək fikrində olanlara və xüsusən tələbələrə, buradakı qiymətlər haqqında ağıllarından keçən suallara cavab tapmalarına yardım etməyə çalışacağam.
Avropada 27 ölkə olmasına baxmayaraq, bunların 8-i öz məzənnəsini istifadə edir. 2014-cü ilə qədər Latviya da bu ölkələrin sırasında olub. 1922-ci ildə dövriyyəyə buraxılan yerli məzənnə “Lats” adlanırmış.
2014-cü il yanvar ayının 1-dən etibarən ümumi Avropa məzənnəsi, Avroya keçid ediblər və həmin gündən burada da Avro istifadə olunur. Hətta gəzən bəzi şayələrə görə, Avro kolleksionerlərinin kolleksiyasında Latviya 10 sentlik sikkələri (dəmir pulların ön hissəsinin dizaynı hər Avropa Birliyi ölkəsinin istəyinə uyğun olaraq dizayn olunur və adətən milli rəmzləri ehtiva edir) özünə məxsus yeri var. Beləki bu dəmir pulların sayı digər ölkələrə nisbətdə xeyli azdır.
Riqada yaşadığınız müddətdə, xərclər normal olaraq, əsasən, sizin həyat tərzinizdən və sizin üçün vacib olan şeylərin nələr olmasından asılı olur. Yəni, gecə həyatına həftədə iki dəfə çıxmaqla ayda bir dəfə çıxmaq və ya ümumiyyətlə çıxmamaq sizin büdcənizdə sözsüz ki, fərq yaradır. Qalacağınız ərazi və şərtlər, qidalanma rasionunuz və sairə büdcəyə təsir göstərir. Ona görə də mən önəmli məsələlərin qiymətlərini yazacağam. Siz də ona uyğun buradakı büdcənizi hesablaya bilərsiniz.
Nəqliyyat xərcləri
Riqada kütləvi nəqliyyatın əsasını 3 növ nəqliyyat; tramvay, trolleybus və avtobus nəqliyyatı təşkil edir. Təyin olunmuş məntəqələrdən alacağınız bilet sizi, 1 gedişin qiyməti 1.25 avro olmaqla mənzil başına çatdırır. Həmin bu məntəqədən alınan biletlər 1,2,5 və… 20-yə qədər ola bilər. Riqa nəqliyyat agentliyi əhalinin müxtəlif qismlərinə olduğu kimi tələbələrə də necə deyərlər, hörmət edir və onlara endirimli qiymətlər təklif edir. Yəni mənim kimi tələbə statusunuz varsa (bu istənilən səviyyə ola bilər) onda nəqliyyat kartınıza yüklədiyiniz 16 avro sizi edəcək “göydən zəmbillə düşən adam”. Yox əgər Riqa Texniki Universitetinin düşərgəsindəki yataqxanada qalsanız və ya ümumiyyətlə, yaşadığınız yer universitetin binalarına yaxın olacaqsa, 20 gedişi 5.40 avroya əldə edə biləcəksiniz. İşin maraqlı tərəfi odur ki, əksər hallarda nəqliyyatdan istifadə etmək fikrinə düşəndə siz iki nəqliyyat dəyişməli olursunuz. Baxmayaraq ki, latışların paytaxtı digər paytaxtlara nisbətdə çox kiçikdir, nəqliyyatın infrastrukturu bir çox halda Riqada A nöqtəsindən B nöqtəsinə getmək üçün sizi məcbur edir ki, bu avtobusdan düşüb minəsiniz o biri tramvaya. Güman ki, bunu nəzərə aldıqlarından kartınızda olan bir gedişi bir saat ərzində mümkün olan maksimum sayda istifadə edə bilirsiniz. Biletlərin və kartların növü o qədər müxtəlifdir ki, hamısını bura yazmaq uyğun olmaz. Bu – https://www.rigassatiksme.lv/en/ – linkdən girib maraqlana bilərsiniz ətraflı.
Kirayə ev qiymətləri
Riqa Texniki Universitetində təhsil alacaqsınızsa gəlməmişdən qabaq buranın yataqxanasına müraciət edir və boş otaq olduğu təqdirdə bu xidmətlə təmin olunursunuz. Yeri gəlmişkən, latışlar maddi məsələlərdə qəti zarafatı xoşlamırlar. Buradakı otaqların qiymətləri 156 və 186 avroluq olmaqla 2 qrupa bölünür. Yataqxana haqqında hazırladığım videoya youtube səhifəmdə baxa bilərsiniz.
Yox əgər yataqxanada qalmaq istəməsəniz ya da alınmasa yer tapmaq onda baş vuracaqsınız öz evlərini kirayəyə çıxaran yerlilərlə xarici tələbələrin təmasa keçdiyi Facebook qruplarına. Ən məşhurlarına keçidləri yerləşdirəcəm bu cümlənin ardınca. Rental Apartment Market Riga , Riga Student’s Apartment Market , Erasmus Students Riga 2021 . Həmin evlərdə də əksər hallarda bir neçə nəfər tələbə bir yerdə 2,3,4,5 otaqda cəmlənir. Bu otaqlarda bəzən iki nəfər qalmaq mümkün olur, ancaq, bu məsələni təyin edən yerli qanunlar bir otaqda 1-dən artıq insanın yaşamasına icazə vermir. Belə otaqların qiymətləri şəhərin mərkəzinə olan məsafəsindən asılı olaraq 180 – 300 arası dəyişir. Əlbəttə, əgər orta səviyyə sizə uyğun deyilsə, onda rəqəmləri biraz artırırsınız və hazırdır.
Ərzaqlar
Riqada əsasən 2 marketlər şəbəkəsi fəaliyyət göstərir. Biri yerli “Maxima” digəri Norveç şirkəti olan “RiMi”. “Maxima”da bəzən qiymətlər nisbətən ucuz ola bilir, ancaq, böyük fərq olmur. Aşağıda bəzi vacib məhsulların qiymətlərini sırayla qeyd edəcəm. Böyük ehtimalla bu sıra sizə buradakı ərzaq qiymətləri ilə bağlı ilkin təsəvvür üçün kifayət edəcək.
Çörək – 0.60 avro (Marketlərdə 50-60 növ çörək 0.60 dan başlayan qiymətlərlə təklif olunur.)
Meyvə şirələri – 1 avrodan başlayan qiymətlərlə
İçkilər:
- Yerli pivə (0.5 ml) – 0.60 avro-dan başlayan qiymətlərlə
- Şərab (1 l) – 3 avrodan başlayan qiymətlərlə
- Viski (1 l) – 16 avrodan başlayan qiymətlərlə
- Vodka (1 l) – 11 avrodan başlayan qiymətlərlə
Ət məhsulları:
- Toyuq əti – 2.6 avrodan (kq) başlayan qiymətlərlə
- Mal əti – 7 avrodan (kq) başlayan qiymətlərlə
- Donuz əti – 4 avrodan (kq) başlayan qiymətlərlə
Süd məhsulları:
- Kərə yağı – 5.50 avrodan (kq) başlayan qiymətlərlə
- Süd – 0.75 avrodan ( l ) başlayan qiymətlərlə
- Pendir – 4 avrodan (kq) başlayan qiymətlərlə
- Qatıq – 2.45 avrodan (kq) başlayan qiymətlərlə
İstənilən halda, Riqa marketlərində çeşidlilik yüksək olduğundan yuxarıda sadaladığım qiymətlər əksər hallarda ən ucuzundan başlayır. Buraya gəldikdən sonra həm ərzaqların bir çoxunu çəkiylə almayacağınızı həm də çeşidliliyi nəzərə alaraq qiymətlərin dəyişə biləcəyini də hesablamağınız yerinə düşər.
Suallarınızı aşağıdakı Poçt Qutusundan ünvanlaya bilərsiniz.
Uğur olsun!