Siqnallar kəsiləndə – DJ Turala cavab

Bu yazını, onu yazmağıma səbəb olan Tural Yusifova təşəkkürlə başlamaq istəyirəm. Bir çoxları kimi mən də onunla avtomobilin maqnitofonu vasitəsilə tanış olmuşam. Radioda eyni musiqilərdən başqa yeni və fərqli bir səs eşitmək maraqlı idi həmişə. Üstəlik siz tıxacda olanda bəlkə də yanınızdakı maşından birinin ona zəng vurub eyni problemdən danışmağı diqqət cəlb edirdi. Bir də həmin vaxtlar (universitet dövrü) qatı müxalif idim. Problemdən danışan hər kəsin düz danışdığını düşünüb, buna inanırdım. Sonra əksəriyyətinin bir yığın problemdən başqa heç nə danışmayan, hətta sırf problem danışmağa görə pul alan bir qrup kəlləsi-sərsəm olduğunu gördüm. Radiodan sonra onunla bir də hardasa qarşılacağımı düşünməsəm də Riqada onun “instagram” hesabıyla tanış oldum. Murad Ariflə müsahibəsi, sonra da müəllifi olduğu “Avto Stop” layihəsiylə “İctimai Tv”də davam etdiyini eşitdim. İndi də onu əsasən sosial şəbəkədə izləyir, televiziyadakı işlərinə yalnız arabir baxa bilirəm, baxıram. Yenə də uğurlu işlər gördüyünü (məs. “əlçatan şəhər”), xüsusilə o işləri Azərbaycan cəmiyyətində görməsinin də ayrıca bir uğur olduğunu düşünürəm. Bu qədər Əfqanıstan sərhədinə yaxın bir kütlənin (açıq (istədiyi kimi) geyinən qadınları bu geyimlərinə görə zorlamağın və cəzalandırmağın tərafdarları yüz minlərlədir) olduğu yerdə bu cür işlər görmək təqdirə layiqdir. Bu yazını da onun Avto Stop verilişində yaratdığı bir rubrikanı tənqid etmək üçün yazıram. Həm o rubrikanı tənqid etmək həm də bu tənqidlə bəzi məsələlərlə bağlı fikrimi bölüşmək üçün.
“Avto Stop” verilişində bir rubrikada DJ adətən evdən işə qədər avtomobillə qət elədiyi məsafəni çəkir, Bakıda yersiz və saysız-hesabsız siqnal vermədən də hərəkətin mümkünlüyünü və hətta bunun düşünülən qədər çətin olmadığını göstərməyə, isbatlamağa çalışır. Həqiqətən də siqnal vermədən hərəkət edir sona qədər. Amma bir məsələ var. Sizcə neçə nəfərə növbəti 1 saat ərzində avtomobildə, legitim hallardan başqa heç bir halda siqnal verməməyi desəniz, bunu edə bilər? Məncə hər 100 nəfərdən 99-u. Bəs, belədisə niyə Azərbaycanda insanlar bu cür və bu qədər siqnal verir? Yəqin ki, qəbul edərsiniz, Azərbaycan tək belə ölkə deyil və bir çox inkişaf etməmiş ölkədə bu hadisə baş verir. Ancaq, o ölkələri qırağa qoyaq, çünki, bu sualın cavabı o qədər sadədir ki, heç bir statistik müqayisəyə ehtiyac duymur. Sadə müşahidə kifayətdir ki, cavab müəyyən olunsun.
Müşahidə
Gələk həmin sadə müşahidəyə. Azərbaycanda insanlar çürük sistemin (sistem deyəndə elə sistemi nəzərdə tuturam başqa şeyi yox) yaratdığı gərginliklə dolublar. Təsəvvür edin sürücü oturur sükan arxasına və 25 dəqiqəlik yolda dəfələrlə siqnal verir. Ona elə gəlir ki, yolda siqnal verməklə hansısa yanlışın qarşısını alacaq, heç yerdə edə bilmədiyi etirazı edərək içindəki eqonu təmin edəcək. Sükan arxasında oturan adamın həyatı o qədər qarmaşıqdır ki, etiraz etməyə yer axtarır. İstəyir ki, daha yaxşı yaşasın və bunun üçün nəsə etsin, ancaq, bacarmır. Gündəlik azərbaycanlının sosial qayğılarını bilirsiniz. Ancaq, təkcə sosial şəbəkələrdə hər gün bir məmurun ya bir icra hakiminin milyonlarla pulu mənimsəməsini və sonra da məhkəmədə ona bir neçə ay iş verilmə xəbərini oxuyan adam nə hiss keçirir?!
Hüquq
Ədalətsizlik hissi çox şiddətli hissdir. Əlində bir kağız parçasını tutub hər hansı bir dövlət binasının qarşısında duran iki tələbənin orada qalma müddəti sizcə nə qədər olar? 25 dəqiqə, yoxsa 30? Bu müddətdən sonra polis yaxınlaşır ki, bəs “Vətəndaş, bu nədir eləyirsiz? Yaxınlaşın zəhmət olmasa!”. Mitinqlər, bu cür müxtəlif dinc etirazlar, insanların enerjilərini boşaltması üçün olduqca vacibdir. Bunasa bizim iqtidar imkan vermək istəmir. Hər mitinqdə etiraz olunan hər şeyi heç bir ölkədə dəyişmirlər. Hətta bu mitinqlərin, etirazların yalnız 5%-10%-i məqsədinə çatır. Ancaq, insanlar enerjilərini boşalda bilirlər. Demokratiya mükəmməl sistem deyil, ancaq, bu gün mövcud olan, insanların bir arada yaşamasını təmin edəcək yeganə prinsiplər toplusudur. Hal-hazırda bir yerdə yaşadığım yunan dostlarımla bir dəfə bu haqda danışanda dedilər ki, “bizdə seçki var, hər 5 ildən bir dəyişirik, ancaq, həmişə eyni şey olur”. Bunu da normal olaraq məyus şəkildə dedilər. Bir şeyi nəzərdən qaçırırdılar. Seçki nə olursa olsun, insanların, gücü özlərində hiss edərək ən vacib enerji boşaltma mexanizmasıdır. Edilən seçim bir öncəkindən pis ya yaxşı olmasından asılı olmayaraq xalqın seçimi olur. Bu seçim Reyqanı da Trampı da prezident edə bilir. Dəyişiklik məsafə qət etmənizə imkan verən yeganə şeydir.
Siqnal bir etirazdır
Dolayısıyla, yersiz verilən hər siqnal cari, çürümüş, üfunət iyi verən sistemə bir etirazdır. İnsanların, normal fikrini ifadə edə bilməyən, etiraz etmək üçün əlindəki bütün imkanlardan məhrum olan hər insanın, ədalətin dəniz səviyyəsinə yaxın formalaşdığı bir yerdə buna etirazıdır. Çünki bu gün avtomobilin siqnalı azadlıq və rahatlıqla edilə bilən tək-tük etirazlardandır küləklər şəhərində. Bu isə dəyişməlidir və dəyişəcək. Yoxsa yerimizdə dayanacayıq. Əfqanıstan hüdudlarında.
Bu səbəblərdən dolayı Bakı küçələrində verilən heç bir siqnalı mədəniyyətlə də əlaqələndirmək olmaz. Ölkəmizdəki sistemin mədəniyyətlə əlaqəsi yaranmağa başlayanda siqnal səsi də kəsiləcək. Mədəniyyət demokratiyanın, azadlıqların və fərqliliklərin təcəssümüdür. Bunun fərqində olub bu uğurda nəsə etməyə çalışan hər kəs bir gün mütləq müvəffəq olacaq.