Al Paçino: “Qadın Ətri”ndən “İrlandiyalı”ya qədər 10 mükəmməl film.
Al Paçino: “Qadın Ətri”ndən “İrlandiyalı”ya qədər 10 mükəmməl film.
Rejissor Maykl Mann Al Paçinonu, öz şah əsərini bir neçə fırça toxunuşlarıyla yaradan dahi Pikassoya bənzədir. 1995-ci ildə elə Maykl Mann tərəfindən çəkilən “Təhlükə” (Heat) filmində ssenaridə olmayan və filmdən sonra məşhurlaşan “Onun mükəmməl arxası var!” cümləsini Al, heç kimin gözləmədiyi bir anda yarı zarafat yarı ciddi deyir. Bu eynilə Pikassonun öz əsərində fırçanı gözlənilmədən hərəkət etdirməsi kimi alınır.
Al Paçinonun tünd qara gözlərinin arxasında gizlətdiyi qəzəb və lazımi anda bunu üzə çıxarması, oynadığı rolları mükəmməlləşdirən amillərdəndir. Bəzən bu qəzəb böyük qüvvəylə partlayır, bəzənsə görünən səthin altında hazır vəziyyətdə dayanır. Həmişə hisslərin tam nəzarətdə olması ilə tamam nəzarətsiz qalması arasında gedib gələn və oynadığı qatil, sevgili, narkotik aludəçisi rollarında görünən bir qəzəb.
Al Paçinonun yaratdığı Toni Montana və Maykl Korleone kimi rollar artıq dünya film tarixinə qızıl hərflərlə yazılıb. “Xaç Atası”, “Qızmar Günorta” və “Serpiko” filmlərinə görə “Oskar” mükafatına layiq görülməsə də 1993-cü ildə münsiflər heyəti onu “Qadın Ətri”ndəki kor polkovnik roluna görə bu mükafata layiq gördülər.
Beləliklə Al Paçinonun oynadığı ən yaxşı 10 film.
Filmdə əfsanəvi, həyatda ipə sapa yatmaz Merlon Brendonun canlandırdığı, aktyorluq tarixinə qızıl hərflərlə düşən “Don” Vito Korleone obrazı Nyu York şəhərində Corleone mafiya ailəsinin başçısı və Xaç Atasıdır. Qızının toyunda hərbi xidmətdən qayıdan ən kiçik oğlu Maykıl Korleone də yanında amerikalı bir gözəllə iştirak eləyir. İlk səhnələrdən onun ailə biznesinə marağının olmaması sezilir, ancaq, hadisələrin axarı onu ailə biznesinə rəhbər edir.
Vito alfa xaratkerli, güclü iradəyə sahib, ona hörmət edənlərə nəzakətli, etməyənlərə isə qəddar bir adamdır. İstəkli rəqiblərindən biri narkotik satışını yaymaq və bunun üçün Donun təsir qüvvəsindən istifadə etmək istəyir. Ənənələrə sadiq olan Vito bunu rədd edir və ailəni parçalayacaq, Maykılı isə ailənin başına gətirəcək savaş, başlayır.
- “Xaç Atası 2” (The Godfather 2)
Xaç Atası filmlər silsiləsinin 2-ci hissəsində Vito Korleonenin gəncliyi, 1910-cu illərdəki Nyu York və 1950-ci illərdə Maykılın ailə biznesini Las Vegas, Hollivud və Havanaya doğru genişləndirmə cəhdlərindən bəhs olunur. 3 hissədən ibarət olan Xaç Atası filmi Mario Puzzonun eyniadlı məhşur əsəri əsasında Frensis Ford Kapolla tərəfindən çəkilib.
- “Qadın Ətri” (Scent of a Woman)
Al Paçinonun şah əsərlərindən sayılan filmdə, aktyor uğurlu bir zabit ikən səhv nəticəsində əl qumbarasının partlamasından gözlərini itirən polkovnik Sleyd obrazını canlandırır. Həftəsonu qızı tərəfindən ona baxması üçün yaxınlıqdakı kollecdən 2 günlük işə götürülən gənc oğlanla görüşləri, daha sonra Nyu Yorka səyahətə çıxmaları və bu səyahət boyu yaşadıqları filmin ssenaristini alqışladan, Al Paçinoya isə Oskar qazandıran səhnələrlə zəngindir. Xüsusilə də Qabriella Enwar ilə tanqo oynadıqları səhnə film həvəskarlarının unudulmazları arasındadır.
- “Yaralı Üz” (Scarface)
Filmin baş qəhrəmanı Toni Montana 1980-ci ildə “Mariel” köçü zamanı Kubadan çıxmağı bacarır və Floridada qaçqın düşərgəsinə gəlir. Dostu Menninin burdan çıxmaq üçün əlaqələri və Toni ilə birgə cinayət törətmək bahasına da olsa buna razılaşmaları onlara yaşıl işıq yandırır. Toni ilk vaxtlarda narkotik qaçaq malçısı Frenk Lopez üçün işləməyə başlayır və Kolumbiyalılarla razılaşmalardan birində problem çıxdığı vaxt öz məharətini göstərməyi bacarır. Öz bacısına qarşı nə qədər mühafizəkar olmağa çalışsa da anası nə etidiyini bildiyini fikirləşir və Toninin kömək təkliflərini rədd edir. Səbirsiz və hər şeyi istəyən Toni tezliklə Frenkin imperiyasını və məşuqəsi Elvira Henkoku əldə etməyə çalışır. İstədiklərini əldə edib zirvəyə çıxmağı bacarsa da, yöndəmsiz və düşüncəsiz hərəkətləri onu hədəfə çevirir və çöküşünü başladır.
- “Təhlükə” (Heat)
Digər italyan əsilli usta – Robert De Niro ilə birgə baş rollarını paylaşdığı bu film yüksək səviyyəli soyğunçular və onları tutmağa çalışan polis dəstəsindən bəhs edir. Neyl (Robert De Niro) və dəstəsi böyük məbləğlər oğurlaya biləcəkləri yerlərdə soyğunçuluqla məşğul olurlar. Eyni vaxtda onları tutmağa çalışan Leytinant Vinsent Hanna (Al Paçino) və Neyl bir-birlərinə bir çox cəhətdən bənzəsələr də əks tərəflərdə yer alırlar. Həyatının ən vacib anında cinayət müəllimi tərəfindən ona öyrədilən əsas qaydaya – “ Həyatda heç vaxt təhlükənin 30 saniyə məsafəndə olduğunu hiss elədiyin an tərk edə bilməyəcən bir şeyə sahib olma” – qaydasına, sevdiyi qadına görə əməl etməyən Neyl bunun nəticələri ilə barışmalı olur.
- “Donni Brasko” (Donnie Brasco)
FTB agenti Cou Pistonun Nyu York mafiyasına sızmasından bəhs edən film gerçək hadisələrdən ilham alınaraq çəkilib. Lefti Raccieroyla dostluq quran Donni Brasko (Cou Piston bu adla mafiyaya daxil olur) Sonni Blekin mafiyasına özünü daxil edə bilir. Donni və Lefti, Blek mafiyanın başına keçənə qədər birlikdə mafiya üçün pul toplayıcılığı edirlər və bu müddətdə dostluqları güclənir. Blek mafiyanın başına keçəndə mövqeləri biraz da möhkəmlənir. Bu müddətdə Piston kifayət qədər sübut yığır, ancaq, prosesin çətinlikləri və hadisələr onu sarsıdır. Evli olduğu qadınla problemlər yaşamağa başlayır və daha vacibi Sonni Blek içlərində casus olduğundan şübhələnir. Hekayənin ən pik nöqtəsi isə Pistonun hər şeyi aşkara çıxaracağı təqdirdə Mafiyanın Leftini günahkar sayacağını bildiyi üçün tərəddüd etməsi olur. Son səhnədə Lefti həyat yoldaşına: – “Donni zəng eləsə deyərsən ki, əgər kimsə olacaqdısa, onun olduğuna görə şadam” deyir.
- “Qızmar Günorta” (Dog Day Afternoon)
70-ci illərin başlanğıcında Qreyvezend, Bruklində yaşanmış bir bank soyğunu haqqında çəkilən film Alın ən yaxşı filmlərindən sayılır. Sonni evli olduğu trans qadının cins dəyişdirmə əməliyyatını keçirməsi üçün kifayət qədər pulu tapmaq üçün bank soymağa qərar verir. Qızmar yay günü Bruklin bankı iki tüfeyli adam – Sonni və Sel – tərəfindən tutulur. Bank müdürü və bir qadın işçi soyğuna müdaxilə etməmək qərarına gəlirlər və Sonni bankda oğurlamağa çox bir şeyin olmadığını, pulların həmin gün üçün artıq bankdan çıxarıldığını başa düşür. Polis kapitanı Moretidən gözlənilməz zəng alan Sonniyə ətrafının şəhərin polisləri tərəfindən mühasirəyə alındığı deyilir. Bundan sonra Sonni işçilərin həyatı qarşılığında aeroporta getmək üçün təhlükəsiz nəqliyyat və ölkədən çıxmaq üçün təyyarə tələb edir.
- “Etibarlı Oğlanlar” (Stand Up Guys) /2012/
Əlbəttə filmdə 3 Oskar mükafatçısı, qocaman Hollivud ulduzlarının olduğunu bilmək belə filmə baxmaq gərəkdiyini göstərir. Alan Arkin, Kristofer Uolken və Al Paçinonun birgə yaratdıqları filmdə Val (Al Paçino) 28 ildən sonra həbsdən çıxır və dostu Dok (Kristofer Uolken) onu qarşılayır. Yerli mafiya qoca Mob, Valın səhər 10-a qədər ölməsini istəyir və bunu Dokdan tələb edir (Mob cinayət zamanı ölən oğlu üçün Valı günahlandırır). Bununla uzun bir gecə başlayır. İlk öncə “massaj” salonuna gedən köhnə dostlar Valın gücləndiriciyə ehtiyacı olduğundan əczəxanadan oğurluq eləyirlər. Bundan sonra qocalar evində olan 3-cü muşketyor Hörşü ordan çıxarırlar və oğurluq maşında sürücüləri Hörşlə gecə yürüşünə çıxır, bir neçə kiçik işlə köhnə günləri xatırlayırlar. Səhər açılana yaxın Dok qərarını verir.
Val: – Saqqız çeynəyirik yoxsa dərslərini veririk?
Dok: – Mənim saqqızım qalmayıb!
- “Şeytanın Vəkili” (The Devil’s Advocate)
Kevin Lomaks (Keanu Rivz) Floridada heç vaxt məhkəmə uduzmayan gənc, mərhəmətsiz bir vəkil kimi tanınır və dünyanın ən güclü hüquq firmasından təklif alır. Anasının etirazlarına baxmayaraq bu təklifi ardınca isə, ordan gələn pulları qəbul edir. Bir müddət sonra həyat yoldaşı evdə qarabasmalar görür və ərini onunla çox az maraqlanmaqda günahlandırır. Kevinin müdürü və məsləhətçisi Con Milton (Al Paçino) həmişə hər şeyi bilirmiş kimi görünür və bu, Kevini tamam hövsələdən çıxarır.
- “İrlandiyalı” (Irishman)
Frenk (Robert De Niro) “Irlandiyalı” Sheeran ağıllı adam və keçmiş əməkçilər birliyinin yüksək çinli rəsmisi vəzifəsinə qalxan bir sürücüdür. 2-ci dünya müharibəsində öldürməyi öyrənən Frenk Baffalino mafiya ailəsilə əlaqələrini saxlayır. Xüsusilə də ömür boyu dostluq etdiyi, Beynəlxalq Sürücülərin Qardaşlığı cəmiyyətinin keçmiş prezidenti Cimmi Hoffanın (Al Paçino) müəmmalı formada itkin düşməsində rol oynadığı iddiasıyla tanınır. Al Paçino film çəkiləndə 79 yaşında olmasına baxmayaraq 39 yaşlı Cimmi Hoffa rolunu oynayır.