“Biznes İnformatikası” ixtisası – 1-ci hissə.

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:
Bu yazıda 6 il təhsil aldığım (4 il bakalavr, 2 il magistr) ixtisasın özəllikləri, onun gələcək üçün vəd etdiyi perspektivlər, mənim bu ixtisasla olan münasibətim və ona necə başlamağım, Azərbaycanda onun tədris olunduğu yeganə yer, və həmin yerdəki keyfiyyət haqqında yazıb, həm bakalavr təhsilləri üçün uyğun ixtisas axtarışında olan abuturiyent və gənclər həm də səmərəli magistr dərəcəsi almaq istəyən məzunlar üçün sahib olduğum məlumatları paylaşacağam.

İlk öncə bakalavr dərəcəmi aldığım Azərbaycan Dövlət Neft və Sənaye Universitetindəki BA (Business Administration) proqramları və ora daxil olmağım haqqında.

2015-ci ilin yayı mənim üçün hər abuturiyent kimi girdiyim ilk ciddi sınağın olduğu vaxt idi. Planını sərrastlıqla cızdığıma inandığım “628 bal toplama” əməliyyatı 470 ballıq nəticəylə yekunlaşmışdı. Bəlkə də Xəzər-Lənkəran stadionun arxasındakı Sütəmurdov kənd orta məktəbinin (Lənkəran qeydiyyatı olduğum üçün imtahanı orda verirdim) 3-cü mərtəbəsində həyəcanla girdiyim imtahan otağındakı nəzarətçi xanımın soyadıma baxıb, şirin talış ləhçəsiylə, gülə-gülə “Sən Yalçın Rzazadənin qohumusan?” sualı olmasa planıma daha uyğun bal yığardım. Bu həm də bir müəllimin mənə orta məktəbdə verdiyi sonuncu sual idi. 11 illik orta məktəb məsələsi beləcə arxada qalmışdı.

Sütəmurdov — Vikipediya

Bundan sonrakı mərhələdə, qızmar yay aylarında ixtisas seçimi olmalı idi. Bir çoxları üçün keşməkeşli mərhələdir. Hətta məndə elə təsəvvür yaranmışdı ki, elə bil hansısa ballistik raketin hesablanmaları aparılırdı. Müəllimlər pulla ixtisas seçimində kömək edir, tələbələrə dəstək olurdular. Mən də mənə ödənişsiz kömək edə biləcək 2 nəfərdən dəstək almışdım. Bir-birini tanımayan bu iki nəfər ixtisas bankında Azərbaycan Dövlət Neft və Sənayə Universitetində ingilis dilində tədris olunan “iqtisadiyyat” ixtisasında ortaq fikirdə idilər. Bu ixtisasla bağlı tək tələb ingilis dilindən TQDK imtahanında 80% nəticə göstərmək idi. Hər şey qaydasında getmişdi və mən 470 bala qaldırılan bu ixtisasın ödənişli əsasına qəbul olmuşdum. Sonradan “biznes informatikası” olduğu ortaya çıxan bu ixtisas 6 ilimi həsr etdiyim universitet həyatımın mərkəzində dayandı.

Yazının ikinci hissəsində Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi, Azərbaycan universitetlərində tədris olunan ixtisaslar siyahısında “iqtisadiyyat” olub, universitetin daxilində “biznes informatikası”na çevrilmənin necə baş verməsi haqqında yazacağam. Bunun həm də bu ixtisası seçənlərin öncədən nə ilə qarşılaşacaqlarını bilməsi üçün faydalı olacağını düşünürəm.

Biznes İnformatikası – 2-ci hissə. Metamorfoz

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Poçt Qutusu