Latviya təqaüdünü necə qazandım? (2-ci hissə)
Bu təqaüdün üstündən bir neçə həftə keçəndən sonra yenidən Çin tərəfindən başqa bir təqaüd, Böyük Çin səddi təqaüdü elan olunmuşdu. Artıq Latviya təqaüdü də paylaşılmasına baxmayaraq bu təqaüd son müraciət tarixi səbəbindən ən sonuncu idi. Hər iki təqaüdün ortaq cəhəti birillik olub tam təqaüd olmaması idi. Artıq müsahibə mərhələsi şərtini bildiyim üçün yenə də qərar verməli idim. Çox fikirləşməmişdim bu ikisi arasında. Mənim üçün Latviya açıq-aydın daha üstün idi. “Çin 2050-ci ildə dünya lideri olacaq, dünyanı idarə edəcək kimi deyimlər də məni çox cəzb etmirdi.” Ancaq bu qərarımdan çox keçməmiş bir gün telefona zəng gəldi. Artıq nömrələrini əzbərlədiyimdən zəngin Təhsil Nazirliyindən olduğunu başa düşmüşdüm. Telefonun digər tərəfində daha çox kobud, özündən razı və savadsız danışığı ilə seçilən biri var idi. Adını burda qeyd etməyəcəyəm. Bu məsələni təqaüd qazananların Təhsil Nazirliyində qəbulundan sonra xaricdə təhsil sektorunun direktoru ilə təkbətək görüşdə bildirmişdim. Bildiyim qədər həmin əməkdaş artıq tələbələrlə birbaşa əlaqə quran əməkdaşlar sırasında yoxdur. Zəng vuran şəxs birinci Çin Təqaüdü üçün göndərdiyim sənədlərə baxıldığını və Böyük Çin Səddi təqaüdünə müraciət etmə şansımın olduğunu dedi. Əlbəttə, niyyət məktubunu əlavə etmək şərti ilə. Bunun müraciət edəcəyim təqdirdə müsahibəyə çağırılmağım mənasına gəldiyini başa düşdüyüm üçün telefondakı şəxsə Latviya təqaüdünə müraciət etmək istədiyimi, müsahibədə iştirak şərtinə görə bu təqaüdə müraciət etməyəcəyimi bildirdim. Latviya təqaüdü üçün sənədləri hazırlamağa başlayandan bir qədər sonra artıq bu təqaüddə Təhsil Nazirliyinin seçim mərhələsində rolu olmadığını başa düşməyə başlamışdım. Bunu bir müddət sonra öyrənəndə telefonda mənə Böyük Çin Səddi təqaüdünə müraciət etməyimi təklif edən adamın, ümumiyyətlə, gedən proseslərdən xəbəri olmadığını başa düşmüşdüm. Həmin telefon zəngində imtina səbəbimi deyəndə Latviya Təqaüdündə heç bir müsahibə olmayacağını desə hər iki təqaüdə müraciət edə biləcəkdim.
Martın 27-si bütün sənədlər hazır olduqdan sonra Latviya Təhsil Agentliyinin veb saytında elektron formda qeydiyyatdan keçib bütün sənədləri portala yüklədim. 2 ay sonra May ayının 28-i agentlik təqaüd qazanaların siyahısını dərc etdi. İyun ayının ikisi xəbərdar olduğumdan nəticələri də həmin gün öyrəndim. 12 nəfər Azərbaycanlı tələbə qazanmışdı bu təqaüdü. Siyahıda adım yox idi. Sonra bir neçə gün yenə bu siyahıya girib baxırdım bəlkə adım oradadır, mən görməmişəm düçüncəsiylə, ancaq, yox idi. Qeyd edim ki, siyahı bir dəfə dərc olunur və dəyişmir. Təqaüdü qazanmamışdım. İyun ayının sonu müraciət edənlərə rəsmi elektron məktublarla nəticələr göndəriləndə mən də rədd məktubunu almışdım. Artıq bütün şanslar tükənmişdi xaricdə təhsillə bağlı. B variantı kimi Riqada başqa bir universitet – “Economics and Culture University” – ilə maraqlanırdım bu müddət ərzində ancaq iyul ayının 17-si dərslərin demək olar ki, tamamilə uzaqdan təhsil formasında olduğunu öyrənib hərbi xidmət haqqında fikirləşməyə başlamışdım. Eyni gün saat təxminən 3-də Latviya Təhsil Agentliyində əvvəlcədən də əlaqə qurduğum məsul şəxs Marika Piradan məktub gəldi. Məktub Riqa Stradins Universitetinə qəbul olmuş birinin təqaüddən imtina etdiyi və həmin təqaüdün mənə verildiyi haqqında idi. Beləliklə, 2019-cu ildə Latviya Dövlət Təqaüdünü qazanan 13-cü azərbaycanlı idim. Azərbaycan Almaniya ilə birlikdə 12 nəfərlə ilk pillədə idi. 13-cü təqaüdlə necə deyərlər vahid liderliyə yüksəlmişdik. Təəssüf ki, bizdən də bir nəfər Riqaya gələndən 2 gün sonra təqaüddən imtina edib geri qayıtdı.
Sonda onu deyə bilərəm ki, 1-ci hissədə qeyd etdiyim kimi, xaricdə təhsil almaq və təqaüd qazanmaq qısa zaman kəsiyi və yalnız təqaüdlərə müraciət ilə məhdudlaşdırılmamalıdır. Mütləq şəkildə iki dili öyrənmək lazımdır. Birinci Azərbaycan dilini (düzgün yazmağı və danışmağı) daha sonra ingilis dilini (xarici universitetlərlə rahatlıqla əlaqə qura bilmək üçün). Sonda onu deyə bilərəm ki, gözləntiləri minimum səviyyədə saxlamaq və avropadakı əlaqə quracağınız, gedəcəyiniz ölkələrin, universitetlərin insanlarını və əməkdaşlarını sırf Avropadır və avropalıdır deyə gözünüzdə böyütməyin. Şəxsi inkişaf və insani keyfiyyət anlayışı bütün qalaktikada eyni ölçü vahidilə hesablanır. Azərbaycanda yaşaya-yaşaya dünyanın böyük əksəriyyətindən daha inkişaf etmiş və keyfiyyətli insan ola bilərsiniz.