IELTS sertifikat imtahanı ilə bağlı təcrübə və tövsiyyələrim

IELTS sertifikatını almaq üçün çox ciddi hazırlığı ehtiyac duymurdum. Amma təxminən 1 ay gündəlik təxminən 2 saat buna ayırmalı olduğum qənaətinə gəlmişdim. 60 saatlıq hazırlaşma ilə 8.0 ( L:9, R:8.5, W:7.0, S:8 ) IELTS nəticəsinə nail ola bildim. Cəmi 0.5 bal 8.5-lik seritifkatdan uzaq düşdüyüm üçün qərara gəldim ki, bacarıqlardan birinə ( onsuzda yalnız birini seçə bilərsiniz) bir də imtahan verim ki, həmin 0.5 balı ala bilim. “Reading” üçün bir də cəhd etdim və bu dəfə də 8.5 aldım. Əgər daha aşağı alsanız ikinci cəhddə onda ilk balınız olduğu kimi qeyd olunur. Ona görə də bu cəhdi etməyə uyğun şərait var idi. İkinci cəhdin qiyməti də təxminən 200-250 AZN idi. Bu məqaləmdə IELTS sertifikatına hazırlıq zamanı etməli olduqlarınızla bağlı tövsiyyələrimi verəcəyəm.
1. Boşluqları aşkarlayın.
Listening hissəsində əsas boşluqlarımın 2-ci və 3-cü hissədə olduğu qənaətinə gəlmişdim. Xüsusilə “multiple choices” formalı testlər ilişdiyim əsas hissə idi. Əvvəlcə hazırlıq dönəmimdə çox saylı testlər edərək boşluğun burada olduğunu aşkarladım. Səhvlərin əksəriyyəti bu hissədə olurdu. Bunun səbəbinin həmin hissədə sualları oxumaq üçün verilən vaxt ərzində sualları və seçimləri oxuya bilmədiyimin olduğunu başa düşdüm. Bundan sonra 1-ci və ikinci hissədə qurduğum üstünlükdən orada verilən vaxt ərzində 3-cü hissəyə keçərək oradakı sualları oxumağa sərf edərək istifadə etdim. Oradakı sualları test başlamamış oxumasan test başlayanda yazmaq demək olar ki, mümkün deyil. Bu taktika işlədi və nəticə olaraq 9 aldım. Digər hissələrdə elə bir çətinliyim yox idi.
2. Ana dilinizdə oxuyub, yazmağa vaxt sərf edin
Əlbəttə ki, bu tövsiyyə imtahanına 2 ay qalanlar üçün faydalı olmaya bilər. Amma mən bunu gələcək üçün plan quranlara və valideynlərə ünvanlayıram. IELTS və ya hətta hər hansı peşəkar başqa dilin imtahanında da oxuyub, anlamaq və yaza bilmək üçün bu bacarıqlara əvvəlcə öz dilində yiyələnmək gərəkdir. Məsələn, “Reading” hissəsində verilən 3-cü mətn adətən başa düşmək qabiliyyətini ölçür. Yazıçının yazıda nə dediyini, nə demək istədiyini sizdən soruşur. Bu bacarıq ingilis dilindən daha çox ümumi bir bacarıqdır. Bunun üçün müxtəlif yazılar oxumaq və vaxt tapdıqca o yazılar haqqında düşünmək lazımdır. Əvvəlcə ana dilinizdə.
Buna aid ikinci nümunə sözsüz ki, yazı bacarıqlarının test olunduğu bir hissədir. Burada sizdən hər hansı bir mövzu ilə bağlı 13-15 cümləlik bir yazı yazmağınız istənilir. Bu da eynilə öz dilində bacarmalı olduğunuz şeydir. Daha sonra bunu ingilis dilinə transfer etmək üçün çalışmaq lazımdır.
3. Qrammatika
Mən hazırlıq ərəfəsinin başlanğıcında təxminən 6-lıq yazı yazırdım. Proses ərzində başa düşdüm ki, bunun əsas səbəblərindən biri lazımi qrammatikanı bilməməyim, daha doğrusu istifadə etməməyimdir. Bunu başa düşəndən sonra “conditionals” “passive voice” və “relative clause” kimi qrammatik vasitələrdən cümlələrimdə istifadə etməyə başladım. Bunları həm yazıda, həm də danışıqda istifadə etdim.
4. Prioritetləşdirmə
İlk günlər 2 saatlıq planımı yalnız dinləmə və oxumaya ayırdığımı gördüm. Planıma görə yazı da yazmalıydım, amma, 2 saatı mənim üçün asan olan hissələrə ayırdığımın fərqinə varan kimi özümü aldatmağı dayandırmaq üçün ümumiyyətlə dinləmə və oxuma tapşırıqlarına vaxt ayırmamağa qərar verdim və yalnız ən zəif olduğum bacarığa, yazıya fokuslandım. Bunu mini-prirotetləşdirmə formasında hər bacarığın müəyyən hissələrinə tətbiq etmək də olar. Müəllimlik təcrübəmdə də tez-tez rastlaşdığım bu problem tələbələrin adətən asan olanlara daha çox vaxt ayırıb, çətin olanları etməməsində özünü aydın biruzə verir
5. Speaking
Danışıq üçün xüsusi verməli olduğum tövsiyyə dinləmədir. Həm gündəlik həyatda mümkün qədər çox dinləmə, həm də danışıq imtahanında imtahan götürəni diqqətlə dinləmə. İmtahan götürən adətən suallarını məqsədli formada sizin müxtəlif qrammatik və leksik bacarıqlarınız göstərə biləcəyiniz sahə yaradacaq şəkildə verir. Məsələn, “would you” və ya “what would you…” ilə başlayan sual verirsə, sizin conditional ilə cavab verib-verməyəcəyinizi yoxlamağa çalışır. Bu baxımdan danışıq üçün ən çox fokuslanmalı nöqtələrdən biri dinləmədir. Elə həyatda olduğu kimi.😊
2 illik müəllimlik təcrübəmə əsaslanıb, bir çox tələbələrə öz məqsədlərinə çatmaqda kömək edirəm. Əgər, ingilis dilini öyrənmək inkişaf etdirmək və ya IELTS-ə hazırlaşmaq istəyirsinizsə mənimlə instagram.com/rzazadetural ünvanından və ya [email protected] email ünvanından əlaqə saxlaya bilərsiniz.







