2021-ci ildə izlədiyim ən yaxşı 10 film
Artıq 4-cü ildir ki, izlədiyim filmlərin hamısını qeyd edirəm. 2 həftə öncə 2021-ci ili geridə qoyduğumuzu nəzərə alıb, keçən ildə izlədiyim filmlər arasında ən yaxşı hesab etdiyim 10 film və onlar haqqındakı qısa düşüncələrimi yazacağam bu yazıda. Əvvəlcə sıralama etmək istəməsəm də bu filmlər arasında, yazıda sıralanmanın olmasının daha doğru olacağını düşündüm. Çətin olsa da onları sıraladım.
1. “Xaç Atası 2” – “The Godfather II” (1974)
Hələ də film tarixinin ən yaxşı trilogiyalarından biri, bir çoxlarına görəsə birincisi olan “Xaç Atası” filminin 2-ci hissəsinə azı 2 dəfə başlayıb, davam eləyə bilməyib dayandırmışdım. Gümanki, düzgün vaxtda başlamamışdım. Yeri gəlmişkən, mənə elə gəlir ki, filmlərə də düzgün vaxtda baxmaq lazımdır. Kitabları düzgün vaxtda oxumaq lazım gəldiyi kimi. Ya da bir neçə il sonra bir də baxmaq və oxumaq.
Trilogiyanın ikinci hissəsində Vito Korleonenin Nyu-Yorka gəlişi, gənclik illərində mafiyaya qoşulması səhnələnib və bu səhnələri əsrarəngiz Robert De Niro canlandırır. Filmin digər hissəsi isə Maykl Korleonenin atasının ölümündən sonrakı fəaliyyəti və cinayət ailəsinə başçılıq etməsindən bəhs edir. Bu səhnələri isə hər 3 trilogiyada da eyni rolu oynayan Al Paçino icra edir.
Bu filmin möhtəşəmliyi ona ayrıca bir və hətta bir neçə məqalə belə həsr etməyi gərəkdirir, ancaq, hələlik, qısa xülasəylə kifayətlənmək lazım gələcək.
2. “Cesi Ceymsin qorxaq Robert Ford tərəfindən sui-qəsdi” – “The Assasination of Jesse James by coward Robert Ford” (2007)
2007-ci ildə çəkilən bu film hər nə qədər “vestern” tərzində olsa da öz həmtərzlərindən kəskin fərqlənir. Beləki, 2 saat yarımlıq filmdə yalnız, 15 dəqiqəlik aktiv qatar soyğunu səhnəsindən başqa bütün səhnələr sakit, paranormal iki qəhrəmanın münasibətini vurğulamaqla keçir. Bred Pitin xarizmatik Cesi Ceymsi, Kesi Aflekin isə qorxaq Robert Fordu oynayaraq yaratdığı səhnələr mənim üçün filmi onluğun ikinci pilləsinə daşımağa kifayət etdi.
3. “I Origins” – “Gen” (2014)
Düzü, sıradan axtarışla tapa bilməyəcəyim ya da tapsam da baxmayacağım film olan “Gen”, mükəmməl ssenarisi ilə 3-cü pilləyə qədər yüksəldi. İnsan genlərinin arasındakı əlaqədən və bu əlaqənin əsrarəngizliyindən bəhs edən ssenari elmi-qurma janrında olan filmi seçilən edir. Bu məqaləni bir neçə ay öncə yazsam, ya da “Xaç Atası 2” bu siyahıda olmasa dəqiq daha yuxarıda olardı “Gen”.
4. “Kazino” – “Casino”
Skorsezenin rejissorluq etdiyi əksər filmlərin özünə məxsus dadının olduğu, onun filmlərini izləyənlərə məlumdur. Los-Anceles şəhərinin kazinolarının baş rolda olduğu şəhərin parlaq, təntənəli üzüylə yanaşı onun qəddar və qorxunc tərəfinin də eyni qədər qanlı olduğunu göstərən Skorseze, rolları italyan əsilli ustalar Robert De Niro, Cou Peşi və həmin dönəmin gözəllik ilahəsi sayılan Şeron Stouna verməklə işə başlamazdan əvvəl onu bitirmiş kimi sayıla bilər. Yeri gəlmişkən, Şeronun bu filmdə sərgilədiyi performans onun ən yaxşılarından sayılır. Hal-hazırda sağ və azadlıqda olan Nyu-York mafiya ailələrindən biri Kolombo ailəsinə məxsus Maykl Franseze, Cou Peşini ən uğurlu mafiya aktyoru hesab edir. İngilis dilini bilənlər onun bu haqqda olan düşüncələriylə tanış ola bilərlər.
5. Taksi Sürücüsü – “Taxi Driver” (1976)
Film festivallarının birində küçə divarlarına “Mənlə danışırsan?” yazısı yazılması dəqiq xatirimdədir. “You talkin to me?” cümləsi film tarixinin ən yadda qalan cümlələrindən biridir. 1976-cı ildə çəkilən və Robert De Nironun Vietnam veteranı olan Trevis Biklı oynadığı filmi izləyəndə, müharibədə travma alan Trevisin şəhərin küçələrində taksi sürərək özünü hiss etdiyi dərin yalnızlığı və depressiyanı onunla birlikdə yaşamaq olur. Bəziləri filmə gecəyarıdan sonra baxmağı təklif edir. Mən bu təklifi nəzərə almışdım.
6. “Bir qadının parçaları” – “Pieces of A Woman (2020)
Hər nə qədər filmin ilk 30 dəqiqəsi onun bütün ağırlığını daşıyırmış kimi görünsə də bundan sonrakı hissədə də Bostondan olun cütlüyün – Marta və Şon – doğum günü baş vermiş hadisədən sonrakı münasibətləri, Martanın iztirabları və dominant anasıyla olan problemləri filmin soyuq abu-havasını və hər şeyə rəğmən, natamam da olsa həyatın davam etdiyini göstərir. Filmdə məni qane etməyən konkret bir məqam olsa da öncədən xəbər verməmək üçün bunu deyə bilməyəcəm. Ancaq, gümanki, həmin məqam bir çoxunuzu qıcıqlandıracaq.
7. “Ata” – “The Father (2020)
80 yaşı adlamasına rəğmən hələ də öz ampulasında olan Entoni Hopkinsin son filmi olan “Ata” filmi, ilk anlardan çaşqınlıq yaradır. O, alzaymer olan yaşlı atanın keçirdiklərini bizə göstərməklə qalmır, bizi də ən az onun qədər çaşdıraraq, onun nə hiss etdiklərini azacıq da olsa başa düşməyimizə kömək edir. Yalnız sonda özümüzün alzaymer olmadığından əmin ola bilirik.
8. “Qərib” – “Lost in Translation” (2003)
Bu filmin özəlliyi onun gündəlik həyatlarda itib gedən insanlara toxunuşu və uyğun olanların ayrı, olmayanlarınsa birlikdə olmasının əcaibliyindən danışmasıdır. Skarlet Johansen və Bil Mörreyin baş rolları paylaşdığı film Tokyonun qəribə mədəniyyətində və bu uzaq mədəniyyətin öz həyatlarında qəribçilik çəkən 2 nəfəri yaxınlaşdırmasından bəhs edir. Bu filmə daha gec baxsam bəlkə də daha yuxarı pilləyə qoyacaqdım.
9. “Düşmənlər” – “Hostiles” (2017)
19-cu əsrdə yerli amerikalar və ABŞ əsgərləri arasında baş verən müharibələrdən sonra 1892-ci ildə əfsanəvi kapitan Yozef Blokerə (Kristian Bale) yerli amerika qəbilələrindən birinin – Çeyenni – başçısı və onun ailəsini öz doğma torpaqlarına getmək üçün müşayiət vəzifəsi tapşırılır. Kapitan Blokerin ən qanlı düşmənini müşayiət etməsi onun xoşuna gəlməsə də vəzifəsini yerinə yetirmə hissi də onun üçün önəm daşıyır. İşin qəribə tərəfi başqa yerli qəbilələrdən biri – Komançi – hələ də Çeyenni qəbiləsindən qisas almaq istəyir. Film başdan sona bu dilemmanı daşıyan kapitan və Çeyenni qəbilə başçısı arasındakı hadisələrə əsaslanır.
10. “Səssizlik” – “A Quiet Place 2” (2020)
Qorxu filmlərindən heç xoşum gəlməsə də bu filmin 2-ci hissəsini çox uzun müddət gözləmişdim deyə onu bu siyahıya salmaya bilməzdim. Con Krasinski birinci hissədə həm oynayıb həm də ona rejissorluq etsə də bu dəfə məlum səbəblərə görə yalnız rejissorluq edir. Ssenaridən danışası çox bir şey yoxdu. Emili Blantın adına layiq oyunu və ənənəvi qorxu filmlərindən fərqliliyi bu filmi də 2021-ci ildə izlədiyim ən yaxşı 10 film arasına saldı.
Al Paçino: “Qadın Ətri”ndən “İrlandiyalı”ya qədər 10 mükəmməl film.
Filmlər haqqında düşüncələrinizi aşağıda şərh bölməsində yaza və ya rzazadetural instagram hesabından mənimlə bölüşə bilərsiniz.
Qeyd: Filmlərin adının Azərbaycan dilinə tərcüməsi mənə aiddir və heç bir peşəkar tərcümə ehtiva etmir.
İş birliyi üçün [email protected] elektron adresindən mənimlə əlaqə saxlaya bilərsiniz.