Doktorantura imtahanı və buradakı uğursuzluğum

Aprel ayında qərar verdim ki, müraciət edim həm bakalavr təhsilimi aldığım, həm də müəllimi olduğum Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Müəssisənin təşkili və idarə olunması” ixtisasına. Adətən müraciət dönəmi aprelin 15-dən mayın 15-dək olur. Bu müddət ərzində lazımi sənədləri hazırlayıb onlayn qaydada Təhsil Nazirliyini portalına yükləyəndən sonra artıq imtahana giriş üçün hazır olursunuz. İlk imtahan ingilis dili imtahanı olur. Bunun üçün 150 AZN ödəmək lazım gəlir. İkinci versiya odur ki, IELTS imtahanına girir, sertifikat alır və bunu Dövlət İmtahan Mərkəzinin saytına yükləyirsiniz. Düzünü desəm ilk yanlışı burada etdiyimi imtahanlardan sonra anladım. Mən DİM-in ingilis dili imtahanından 43 bal yığmışdım. Halbuki IELTS sertifikatının 7 ballıq olanını DİM-də 45 bala ekvivalent sayırlar. Mən IELTS imtahanına girsəm minimum 8 yığacağımdan əminəm. Bir də şansım olsa əlavə 300 manat ödəyib mütləq IELTS sertifiaktı alardım.
İkinci səhvim (bu daha yüngül olanıdır) ixtisas imtahanından öncə universitet daxili əlaqələrimdən istifadə etməmək idi. Doktorantura imtahanı DİM tərəfindən keçirilmədiyindən burada düşüncələrə təsir etmək mümkün olur. Edənlər də var idi.
Üçüncü səhv fəlsəfə imtahanına həddindən artıq çox vaxt sərf etməyim, onu çox ciddi qəbul etməyim və doğru hazırlaşmamağım idi. Zeynəddin Hacıyevin 500-600 səhifəlik bir kitabı var idi. Bütün kitabı oxumağa girişmişdim mənasız şəkildə. Hansıki konspektlər var idi bunun üçün. Onları yalnız 1 ay vaxt itirəndən sonra istifadə etməyə başladım. 1 ay müddəti ixtisas imtahanına ayıra bilərdim.
Digər məlumatları isə artıq hər şey bitəndən sonra almağa başladım. Məsələn, digər bölgə universitetlərinə versəm qəbul olma ehtimalım çox yuxarı ola bilərdi. Mənim verdiyim ixtisasda cəmi 2 yer üçün təxminən 30 namizəd yarışırdı. Mən 85 bal aldım. 1-ci yer 92, 2-ci yer 86, 3,4-cü yerlər 85.5 və mən başqa bir namizədlə 85 balla 5-6-cı yerləri bölüşdüm. Universitetin Təhsil Nazirliyinə etdiyi müraciətə isə mənfi cavab gəldi və heç kimə əlavə yer açılmadı. Bu müraciətlərlə də bağlı müxtəlif mənbələrdən müxtəlif məlumatlar alırdım. Universitetlərin necə müraciət etməsi, Təhsil Nazirliyinin nəyi rəhbər tutması əlavə yerlər üçün ciddi müəmmadır. Amma dəqiq olan bir şey var ki, doktorantura imtahanlarında talehinizi bu mərhələyə saxlamaq tamam mənasızdır. İşi ilk mərhələdə bitirmək lazımdır. Bütün proseslər ilkin mərhələyə qədər həll olunmalıdır.
Hərbi xidmətlə bağlı da bəlkə əlavə bir yazı yazaram. Amma onu deyim ki, bakalavr oxuduğunuz vaxt “mən magistr dərəcəsi alıb, doktorantura da oxuyacağam” demək və bunu hərbi xidmətdə itəcək 1 ilin qarşısını almaq üçün demək doğru deyil. Xüsusilə də indiki şəraitdə buna ehtiyac yoxdur. Bakalvr və magistr dərəcəsindən sonra mütləq gedib o 1 ili fəda etmək lazımdır. 1 ili fəda edib bu söhbəti əbədi bağlamaq. Vaxt keçdikcə daha da çətinləşir.





