Latviya təqaüdünü necə qazandım? (1-ci hissə)

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Ümumiyyətlə, təqaüd qazanmanı bir neçə amilə bağlayıb 3-4 aylıq zaman kəsiyi ilə məhdudlaşdırmaq olmaz. Azərbaycan universitetlərində təhsil alan hər tələbə üçün bu proses 4 illik estafetin başlanğıcından hesablanmalıdır. Hətta bu müddəti qəbul imtahanı və ona hazırlıq müddətinə qədər uzatmaq olar. Növbəti yazılarda bu uzun müddətin hissələri haqqında da fikirlərimi bölüşəcəyəm.

Ancaq, indi xüsusilə Latviya Dövlət Təqaüdü haqqında öyrəndiyim gündən onu qazandığım müddətə qədər olan hissəni danışacağam. İlk dəfə bu təqaüdün varlığı haqqında 2019-cu ilin fevralının sonlarında xəbərim olmuşdu. İlk vaxtlarda ətrafımda Təhsil Nazirliyinin əməkdaşlığı ilə mövcud olan Macarıstan Dövlət Təqaüdünə (Hungaricum) müraciət edən kifayət qədər insanın olması və ümumiyyətlə nazirliyin xaricdə təhsil barədə kifayət qədər rol oynaması onların veb-səhifəsinin və fəaliyyətlərinin diqqətdə saxlanılmalı olduğunu göstərmişdi. Sırayla – dekabrda Serbiya təqaüdündən başlanılmışdı – təqaüdlər, xüsusilə, əməkdaşlıq etdikləri və ya ən azından təhsil müqavilələri bağlanılan ölkələrin təqaüdləri veb səhifədə Təhsil Nazirliyi öz əksini tapırdı. Bu sıralanma daha çox son müraciət tarixlərinə görə sıralanılır. Beləliklə, fevral ayının sonlarında Latviya hökümətinin təklif etdiyi təqaüd də bu səhifədə paylaşıldı. Yeri gəlmişkən, bu il yenidən nazirliyin veb səhifəsinə göz gəzdirəndə, artıq əlaqələrin olmadığı təqaüdlər də tələbələr üçün paylaşılır. Bütün perspektivlərdən xaricdə təhsil sektorunun gördüyü işlərdə inkişaf üçün hələ gediləsi uzun yol olmasına baxmayaraq, istənilən inkişafın olması təqdirə layiqdir. Hərəkət etməyə davam olunduğu təqdirdə, sürətin əhəmiyyəti yoxdur. Təhsil nazirliyinin veb səhifəsinin izləməkdə fayda var. Ən azından mənim bu təqaüdlə tanış olmağımın əsas vasitəçisi bu veb səhifədir. Yeri gəlmişkən, artıq HTP (Hökumətlər Arası Təqaüdlər) proqramı üçün xüsusi veb səhifə – HTP –  fəaliyyət göstərməyə başlayıb.

Mətləb

Keçək mətləbə. Fevral ayında Latviya təqaüdünün təfərrüatıyla maraqlanandan sonra artıq yavaş-yavaş bu istiqamətə yönəlirdim. Baltik regionu üçün eşitdiyim kifayət qədər xoş sözlər də bu məsələdə təsirli oldu. Həmin vaxtlarda Çin Dövlət Təqaüdünə də müraciət etmişdim. Bu təqaüd də Təhsil Nazirliyinin vasitəçiliyi və əməkdaşlığı ilə həyata keçirilirdi. Əməkdaşlıq deyəndə bu təqaüdləri qazanmaq üçün Çin tərəfindən qabaq, nazirlik tərəfindən məhşər ayağına çəkilib bu sınaqdan üzü ağ çıxmalısınız. Birinci tərəf yalnız əməkdaşlıq etdiyi ölkədə partnyorunun (indiki halda Təhsil Nazirliyi) tərtib etdiyi siyahıdakı adların sənədlərini gözdən keçirir. Məsələn, mən bunu bilsəm də sırf yoxlamaq üçün Macarıstan Dövlət Təqaüdünə də sənədlərimi göndərmişdim (Təhsil Nazirliyi elektron müraciət formunu doldurmadan). İlkin nəticələr elan olunanda (yanvar ayının ortaları) mənə də elektron məktub göndərib, bildirdilər: – “Müraciət etdiyiniz üçün çox sağ olun. Ancaq, adınız bizim, ölkənizdəki tərəf müqabilimizin siyahısında olmadığı üçün sizin sənədləri nəzərə almayacağıq”.

Təhsil Nazirliyinin əcaib qaydası

Təhsil Nazirliyinin şərtlərinə görə sənədləriniz uğurlu sayılıb, müsahibəyə çağırılsanız, başqa bir təqaüdə müraciət edə bilməzsiniz. Başqa sözlə, yalnız bir dəfə müsahibədə iştirak edə bilərsiniz. Buna görə də istər-istəməz hansı təqaüdə müraciət edəcəyinizi təyin edib, qərar verməli olursunuz. Mən, Çin Dövlət Təqaüdünə müraciət edəndə hələ Latviya təqaüdü elan olunmamışdı. Ancaq bu təqaüdə müracitə edəcəyimi yəqin edib proseslərə başlamışdım. Kifayət qədər sənəd tələb olunurdu Çin təqaüdü üçün. Xüsusilə, tələb olunan xüsusi tibbi arayış bizi lap cəncələ salmışdı. Məsələ burasında idi ki, sənəd çin və ingilis dillərində idi (birlikdə). Bütün xanalar sizin qeydiyyatda olduğunuz poliklinikada doldurulmalı və imzalanmalı idi. Standart prosedur sənədin ilk öncə Azərbaycan dilinə tərcümə olunmasını, poliklinikada bütün yoxlamalardan keçməyinizi, müsbət rəy aldıqdan sonra bu sənədin doldurulmasını və sonda yenidən çin , ingilis dilinə tərcümə və təsdiq edib, sənədi elektron formada təhsil nazirliyinin elektron portalına yükləməyinizi tələb edir. Ancaq, bu məsələni, əgər yolunu tapa bilsəniz, bir neçə Yeni Azərbaycan əskinazı qarşılığında asanlıqla həyata keçirə bilərsiniz. Mənim məsələm bir neçə istisna olmaqla standart prosedurlara uyğun keçdi. Xəstəxananın baş həkimi “Mən Azərbaycan dilində olmayan sənədə necə qol çəkib, möhür vurum?” deyib imtina etmişdi. Haqlı idi. Ancaq, məsələnin bu tərəfi nə Təhsil Nazirliyində nə də uzaq Çin elində heç kimi maraqlandırmır. İmza və möhür varsa vəssalam. Bütün prosesləri keçib elektron formu doldurdum. Sonda dəqiq xatirimdə deyil ya rədd cavabı almışdım ya da ümumiyyətlə, heç bir cavab gəlməmişdi növbəti mərhələyə keçməyim barədə, hansı ki, bu da rədd demək idi. Niyə müsahibə mərhələsinə keçə bilmədiyimi bilmək istəyirsinizsə, deyim. Niyyət məktubunu portala (motivasiya) yükləməyi unutmuşdum…

Biznes İnformatikası – 2-ci hissə. Metamorfoz

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Poçt Qutusu