“Coursera”dan necə faydalanmaq olar?!

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Giriş

Xüsusilə, dünyanın, doktor Trampın diliylə desək “Çin” virusuyla sarsıldığı bir vaxtda məşhurluğunu kifayət qədər artıran layihələr arasında Kütləvi Açıq Onlayn Kurslar (MOOC – Massive Open Online Courses) ilk pillələrdədir. Beləki, öz şəxsi inkişafının qeydinə qalanlar, işçilərinin fərdi bacarıqlarının artırılması üçün səy göstərən şirkətlər, kütləvi təcrid qaydalarına riayət edən tələbələrinə yeni biliklər öyrənməkdə yardımçı olmaq istəyən universitetlər və… Əlbəttə ki, bizim canımız ciyərimiz, Azərbaycan ölkəsində işsizlərin qeydinə qalan Dövlət Məşğulluq Agentliyi bu cür kurslardan kütləvi lisenziyalar alıb, təyinata uyğun bir qrup insana bu lisenziyaları paylayır. Təəssüf ki, bu cür kurslarda Azərbaycan dilində kurslar olmamaqla bərabər, xarici dil biliyi olmayanlarımız üçün türk dilində kurslar da xeyli az saydadır. Gözlənildiyi kimi, kursların əksəriyyəti ingilis dilində hazırlanmışdır. Məqalənin əsas hissəsini “Coursera” platforması ətrafında inkişaf etdirməklə bərabər, onun necə çalışdığını və ondan yararlanmağın yolları haqqında yazacağam.

“Coursera”nın iş prinsipi

“Coursera”da dünyanın bir çox öncül universitetləri və şirkətləri öz yaratdıqları onlayn kursları təklif edirlər. Burada hər hansı kursdan yararlanmaq istədikdə ilk növbədə gələcəkdə tələbatı ən yüksək sahələri araşdırmalı və özünüzə ən uyğun olanlarını müəyyən etməlisiniz. Platformada kurslar iki növə bölünür. Təkli və ixtisaslaşma içərisində olan kurslar. Təkli kurslar yalnız bir kursdan ibarət olmaqla sizə müəyyən sahə üzrə biliklər verir. Müddətdən asılı olaraq bütün imtahanları uğurla başa vuracağınız təqdirdə sonda sertifikat alırsınız. İxtisaslaşmalar isə özündə birdən çox, adətən 4-5 kurs ehtiva edə bilir. Kurs sayından da göründüyü kimi, ixtisaslaşmanı bitirmək daha uzun müddətə başa gəlir. İxtisaslaşmanı təşkil edən kurslarda iştirak etmək üçün onların hər birinə ayrı-ayrılıqda yazılmalısınız. İxtisaslaşma içərisindəki hər kurs ayrı olduğu kimi onların sertifikatlarını da ayrı-ayrı alırsınız. Sonda ixtisaslaşmanı bitirdikdən sonra ixtisaslaşma sertifikatı da sizə təqdim olunur.

Keçək məsələniz özülünə. Ödəniş prosesi. “Coursera”da əksər kurslara özlərinin də dediyi kimi audit rejimində qoşula bilirsiniz. Audit rejimində siz kursda təklif olunan əksər materialları əldə edib, onlardan yararlana bilirsiniz, ancaq, qiymətləndirmələrdə iştirak etmə, verdiyiniz imtahanlara rəy alma kimi funksiyalar sizə aid olmur. Bu pillələri keçə bilmədiyinizdən, sonda da sertifikat ala bilmirsiniz. Audit rejimi belə bütün kurslar tərəfindən təklif olunmur. Bəzi kurslara yalnız pulsuz yoxlama rejimiində qoşula bilir, bir neçə materialı gözdən keçirirsiniz. Daha sonra bütün qapılar üzünüzə bağlanır. Kursa yazılmağın 3-cü və ən sıravi yolu kursun tələb etdiyi məbləği ödəyib, bütün xidmətlərdən yararlanıb, kursu bitirib, halal sertifikatınızı almaqdır.

Pulsuz lisenziyalar

Hamını ən çox maraqlandıran, işin ən dadlı və cəlbedici hissəsini sona saxlamışam. Başlanğıcda qeyd etdiyim pulsuz lisenziyalar məsələsi. Ümumiyyətlə, “Coursera” ilk növbədə universitetdə təhsil alan tələbələr üçün ildə bir dəfə istənilən kursu pulsuz alma şansını yaradır. Bunun üçün sadəcə, qeydiyyatdan keçəndə universitetinizin sizi təmin etdiyi təhsili elektron ünvanı (@edu.xxx.xx) istifadə etməlisiniz. Azərbaycanda nə qədər universitetin tələbələri bu ünvanla təmin etdiyini təəssüf ki, dəqiq bilmirəm, ancaq, gümanım odur ki, bu universitetlərin sayı çox azdır.

Digər məsələ isə işlədiyiniz şirkət, bağlı olduğunuz hər hansı qurum tərəfindən pulsuz lisenziya elə təmin olunmağınızdır. O zaman qurumun sizə təqdim etdiyi keçiddən istifadə edib “Coursera”nın belə demək olarsa, o qurum üçün yaratdığı otağa daxil olursunuz və göstərilən şərtlər altında istədiyiniz kursdan yararlana bilirsiniz. Yuxarıda haqlarında biraz mübaliğə etsəm də kinayə olmayan Dövlət Məşğulluq Agentliyi müəyyən sayda belə lisenziyalar paylamışdı bir müddət öncə. İstifadə edənlər xatırlayar. Həmin lisenziya ilə göstərilmiş vaxt çərçivəsində istənilən sayda kursa yazılmaq olur. Əsas məsələ kursu göstərilən vaxta qədər bitirməkdir. Mən özüm bir neçə kursda bu cür lisenziyalardan yararlanmışam. Ödəniş məsələsində ən son addım isə “Coursera”nın təqaüdünə müraciət etməkdir. Bunun da özünə məxsus şərtləri var, ancaq, onlar sadə və mümkündür. İstədiyiniz kursu seçib həmin kursu qeyd etməklə bu təqaüdə müraciət edə bilərsiniz. 15 gün ərzində müraciətə baxılır və cavab verilir. İxtisaslaşma içərisində olan kurslar üçün birlikdə müraciət etmək olmur. Hər kurs üçün ayrılıqda müraciət olunmalıdır.

Sonuncu pərdə

Tamaşanın sonuncu pərdəsi məlum olduğu kimi sertifikat alma hissəsidir. Platformada 4 növ sertifikat vardır. Bunlar dərəcə, kurs sertifikatı, professional sertifikat və “MasterTrack” adlandırılan sertifikatlardır. Hərəsinin öz xüsusiyyətləri var. Dərəcə sertifikatı universitetlə bağlı olan kurslardan alına bilir. Kurs sertifikatı standard təklif olunan kurslarda, göstərilən imtahanlardan uğurla keçdikdən sonra verilir. Professional sertifikat standart kurs sertifikatı ilə eyni strukturda çalışsa da birincisi onu aldıqdan sonra başqa qurumlar və ya universitetlər tərəfindən rəsmi tanına bilir. Tanınma prosesi hər kursun özünə xas şəkildə dəyişə bilir. Sonda “MasterTrack” adlandırılan kurslar isə qiymətləri nisbətən daha baha olan (4 ay ərzində aylıq ödənişlə də həyata keçirilə bilir), içərisində ehtiva etdiyi kursları ayrılıqda ala bilmədiyiniz, bir semester müddəti ərzində iştirak etməli olduğunuz kurslardır. Burada əldə olunan kurslar kredit formasında hər hansı universitet dərəcəsinə tətbiq oluna bilir.

Yazının sonunda burada yazdığım məlumatları daha ətraflı ala biləcəyiniz “Coursera”nın dəstək mərkəzinin dəqiq ünvanları yerləşdirəcəyəm. Bu kursdan istifadə edə bilmək üçün xarici dil biliyinin gərəkdiyini nəzər alsaq həmin dəstək mərkəzindəki məlumatların da faydalı olacağını düşünürəm.

İstənilən halda, yer kürəsinin düşdüyü vəziyyət, insanların virtual dünyaya yönəlməsi, bu cür kursları və ümumilikdə dünyaya açılma prosesini sürətləndirir. Bu sürətlənmədə arxada qalmamağın ən önəmli və ilkin şərti xarici dil biliyidir. Bircə ingilis dili bilgisi bu həcmdə məlumat və bilik bazasını əl çatan edir. Özümüzün və dolayısıyla ölkəmizin inkişafında bu bilik artırma prosesinin əhəmiyyəti gözdən qaçmayacaq qədər böyükdür. Eyni zamanda dövlət qurumlarının bu işdə xüsusilə gənc təbəqəyə, ən azından bu cür lisenziyalarla dəstək olması vacibdir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin atdığı bu addım ilk növbədə təqdir və daha sonra təşviq olunmalıdır.

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir.

Qeyd 1. İlk keçid sadəcə lisenziyadan istifadə edərək əldə etdiyim sertifikatlardan biridir.

https://www.coursera.org/account/accomplishments/verify/LQR68VR2PQLT

https://learner.coursera.help/hc/en-us/sections/202534946-Degrees-on-Coursera

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Poçt Qutusu