“Whatsapp”ın kompüter tətbiqetməsində standart və görüntülü zəng funksiyaları aktivləşib
“Whatsaap” martın 4-də mak və şəxsi bilgisayarlarda olan tətbiqetməsində də standart və video zəngləri qəbul etməyə imkan verən özəlliyi aktivləşdirdiyini elan etdi. Bununla kənar şəxslər tərəfindən dinlənilməyə imkan verməyən şifrəli zəng funksiyasından həm mobil həm də kompüterlərdə istifadə etmək mümkün olacaq.
Standart və video zənglər “Whatsapp” üçün yenilik deyil. Beləki, uzun müddətdir Android və iOS əməliyyat sistemləri ilə fəaliyyət göstərən mobil telefonlarda “Whatsapp”ın tətbiqetməsi ilə zənglər mümkün idi. Şirkət keçən ilin sonunda kiçik istifadəçi qrupları üçün bilgisayarlarda da bu funksiyanı yoxlama məqsədi üçün istifadəyə vermişdi. Ancaq, dünənki elandan sonra bu funksiyanın bütün istifadəçilər üçün aktivləşəcəyi məlum oldu.
Telefondakı tətbiqetmələrdə olduğu kimi “Whatsapp” burada da zənglərin kənar şəxslər tərəfindən dinlənilməyəcəyinə zəmanət verən şifrələmə sitemini təklif edir.
Hələlik, yeganə əksiklik bu zənglərin yalnız 2 nəfər üçün nəzərdə tutulmasıdır. Hər halda şirkət tərəfindən verilən açıqlamada daha çox insanın eyni zamanda bu funksiyadan istifadə etməsini təmin edəcək özəlliyin də aktivləşəcəyi vəd olundu. Ancaq nə vaxt?! Bunu bildirmədilər.
Yeni funksiyadan istifadə üçün, bir qayda olaraq, “Whatsapp”ın bilgisayar üçün olan tətbiqetməsini yükləmək, daha sonra telefondakı “Whatsapp” tətbiqetməsindən “QR” kod oxuyucusuna kompüter ekranında görünən kodu oxutdurmaq (bu sizin şəxsi kompüterinizdə mövcud “Whatsapp” hesabınıza girişi təmin etmək üçün gərəklidir.) Bu addımlardan sonra, artıq öz kompüteriniz qarşısında olarkən də telefondan istifadə etmədən istədiyiniz insanla danışa biləcəksiniz.
Düzü mənim üçün ən azından bu xəbər əla oldu. Kompüter qarşısında olarkən telefondan istifadə etmədən kimləsə danışmaq istəyəndə “Google”un təklif etdiyi “Duo” funksiyasından tez-tez istifadə edirdim. İndi isə əlavə bu cür funksiyalara ehtiyac qalmayacaq. Yalnız bir tətbiqetmə ilə məsələlər həll olunacaq.