Riqadan qayıdanda öyrəndiklərim.
Öyrəndim ki, insanlar dünyanın hər yerində eynidir. Onları fərqləndirən sistemlərdir. Cəmiyyətin sistemi, dövlətin sistemi, ailənin sistemi və fərdlərin öz sistemləri. Öyrəndim ki, Avropa səviyyəsindən, inkişaf sözünün özündən çox uzaqda duran bir cəmiyyətə mənsubam. Öyrəndim ki, uzun illər beynimizə yeridilən bir çox şeylər yalan imiş. Mən həm də dolmanın böyük bir coğrafiyanın ortaq dadı və yeməyi olduğunu öyrəndim. Bunu bir ölkənin, millətin adına yazmağın ən yaxşı yolunun küçələrdə festival keçirmək yox, onu bişirməyin ən yaxşı yolunu tapmaq olduğunu öyrəndim. Mən həm də öyrəndim ki, avropalı kəslər uca binalara, gözəl küçələrə yox, seçkiyə gedən insanlara dəyər verib, getməyənləri bu qəbildən saymırlar.
Onların qadınların, normal qadınların rahatlıqla şəhərin kafe, barlarında əylənə bilməsinə əhəmiyyət verdiyini, qadınsız cəmiyyətləri cəmiyyətdən daha çox sürü saydıqlarını öyrəndim. Öyrəndim ki, Azərbaycan mentaliteti, dəyərlər toplusu, əxlaq deyilən məhvumu insanın yaradılışdan bütün hüceyrələrinə kodlanmış təbiətinə zidd imiş. Eyni zamanda öyrəndim ki, bunu dəyişmək hər şeyə rəğmən mümkündür. Çox uzun illər çəkəcəyini, növbəti bir neçə nəslin bunu görə bilməyəcəyini, ancaq, başlamaq lazım gəldiyini öyrəndim. Azərbaycan cəmiyyətindən 2 ildən biraz çox uzaq yaşamaq mənə bu cəmiyyətə uzaqdan baxmağa imkan verdi ki, bununla şübhələrimin əsaslı olduğunu öyrəndim.
Arzulara çatmaq üçün onu istəməyin yetərli olmadığını, bunun üçün kifayət qədər çalışmaq və inanmaq lazım gəldiyini bura gələndə öyrənmişdim. Buradan çıxanda arzulara həm də hazır olmaq gərəkdiyini öyrəndim. Onu əldə edəndə onunla nə edəcəyini bilmək lazım gəldiyini.
Paylaşımın əslinə instagram səhifəmə keçid edərək baxa bilərsiniz.