“REAL”a üzv olmağımın 2-ci ili başlayıb

725
0
Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:
Erkin Gadirli with Tural Rzazade

Keçən il Riqadan qayıdan günün səhəri Erkin müəllim Respublikaçı Alternativ partiyasının İsmayıl Qutqaşınlı küçəsi 97-də yerləşən ofisində mühazirə verirdi. Riqadan çıxmamış bura gələcəyimə qərar vermişdim. Orada içimi bürüyən həyasız ümidim məni ölkəyə qaytarmağı azmış kimi hələ bir siyasi partiyaya da urcah eləyəcəkmiş. Sonralar bildiyim, çox üzv olanın başına gələn və məndən də yan keçməyən xoşagəlməz rastlaşmalarla bəzənən üzvlük hekayəmin bal ayını indi də məni narahat edən təhlükəsizlik məsələlərinə görə yazmayacağam. Yaşayanlar bilir. Üzvlük anketini doldurub, üstündən də yazılarını 2-si azmış kimi 4 gözlə oxuduğum Erkin müəllimlə lazımi şəkli çəkdirib, siyasi partiya üzvlüyümə başladım. Bir müddət sonra gənclər birliyinin idarə heyətinə üzv oldum. 8 nəfərdən 1-i.

Niyə üzv oldum?!

Siyasi partiyaya üzv olma istəyi həmin bu şıltaq ümidin verdiyi cəsarətlə üzə çıxmışdı. Cari iqtidarla razılaşmadığımı, onların getməsini, əvəzinə yeni və layiqli hökümətin gəlməsini istədiyimi bəyan etməyin ən mədəni yolu kimi bunu görürdüm. Bu qərarı verəndən sonra ölkədə belə bir partiyanın olması lazım idi ki, ona üzv ola bilim. Həmin vaxt və indi bu partiya olduğuna inandığım Respublikaçı Alternativ partiyasına üzv olma səbəbim bu idi. Müxalif olmağım və höküməti dəyişmə arzum.

Söhbəti başqa istiqamətə çəkmədən. Siyasi partiyaların bir ölkədə vacibliyi onun həm də ölkə daxili təzyiqi aşağı sala bilməsidir. Onu dinləməyən, dinləməkdə maraqlı olmayan ətrafındakılara gündəlik qayğılarını, hökümət haqqındakı düşüncələrini bölüşə bilməyən adamın içində yaranan təzyiq nəyə desən kifayətdir. Partiya daxilindəki siyasi müzakirələr həm də insanlara eşidilmək fürsəti verir. Müqayisə doğru görünməyə bilər, ancaq, futbol kulublarına azərkeşlik, stadionda sevinmək, məyus olmaq, özü də sözün əsl mənasında yanındakı on minlərlə adamın yanında bu hissləri yaşamaq hər kəs üçün əvəzolunmazdır.

Ölkəyə qayıdandan sonra vətəndaş cəmiyyəti təşkilatları ilə də tanış olmağa başlamışdım. Məqsədli şəkildə deyildi bu tanışlıq. Siyasi qoxan hər layihəyə qoşulmağa çalışırdım. Əlbəttə, biraz peşəkar görüntüyə də önəm verirdim. Təəssüf ki, bu görüntünün zirvəsini iqtidar dairələri tərəfindən tam dəstəklənən və mənim fikrimcə gələcək diplomat və ya kadrlar yetişdirmək üçün təşkil olunan Simulasiyalarda gördüm. Nə indiki Qeyri Hökümət Təşkilatlarında, nə də ki, siyasi partiyalarda dərin peşəkarlıq izləri görmək çox çətindir. Bunun özü də iqtidarın günahıdır. Resursun qeyri-bərabərliyidir buna gətirib çıxaran. QHT-lərə qoşulmama səbəbim onların “biz iqtidara gəlmək üçün çalışırıq” deyə bilməməsi idi.

Bunları görəndən sonra dedim ki, “mən bura dəstək verə bilərəm”. Mənfi olduğunu düşündüyüm, əksikliyini gördüyüm, həllinin çox sadə olduğuna inandığım şeylər haqqında şikayət etməkdənsə, bir yerə qoşulub iş görməyi daha uyğun saydım.

Event that is organized by Republican Alternative Youth Organization

Gənclər Birliyindəki yanaşmam

Bu gün REAL Gənclər Birliyinin İdarə Heyətində verilən bütün qərarlarda, sadə ziyarətdən tutmuş ciddi tədbirlərin təşkilinə qədər keyfiyyətin maksimum vurğulanmasına çalışıram. Müəyyən qədər buna nail ola bildiyimi düşünürəm. Hərəkət edərkən siyasi partiyaya aidliyin, siyasi proseslərdə olmağın gəncliyə zərər vurmamasını da nəzər alıram. Gənclər Birliyinin ilk növbədə gənc qalmasına daha sonra siyasi olmasına səy göstərirəm. Komandadakı uşaqların əksəriyyəti iqtidar yönümlü təşkilatlara qoşulub resurs bolluğu içində çox işlər görə bilər. Biz hamımız mövcud resurlarla, könüllü qüvvəmizlə ölkədə dəyişikliyə, ilk növbədə bizim özümüzə, daha sonra hər kəsə (özünə faydası olmayanın başqalarına dəstəyi tamam cəfəngiyyatdır) xoşbəxtlik ya da ən azından xoşbəxtliyin ardınca qaça bilmə azadlığı verəcək mühiti yaradacaq dəyişikliyə səbəb olmağa çalışırıq.

Respublikaçı Alternativə üzv olmaq indi lap sadədir. Aşağıdakı keçiddəki 1 dəqiqənizi alacaq formu doldurub partiyamızın üzvü ola bilərsiniz.

Respublikaçı Alternativ üzvlük anketi

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Poçt Qutusu