Tək yaşamaqla və ya yaşamaqla bağlı düşüncələrim

Ev seçimi
Artıq 4 aydır ki, tək yaşayıram. Gənclik metrosuna yaxın, İdman Akademiyasnın yanındakı binaların birində kirayə ev tutmuşam. Riqada tək yaşamışdım, amma orada heç vaxt tam tək olmamışdım və bundan başqa da Bakıda kirayə evə köçmə təcrübəsi mənə yad idi. Kirayə evin axtarışı, tapılması, razılığa gəlmək kimi məsələlər mənə uzaq görünürdü. 2 ay çək-çevir edəndən sonra elə Gənclikdə qarşıma çıxan, elanında “subaylara verilmir” tipli cümlə yazılmayan bir evə köçdüm. Ev sahibi ilə cəmi bir dəfə evi təhvil aldığım gün görüşmüşəm. Heç bir müqavilə filan (bunu yazmamalıydım), notarius xidməti söhbətləri etmədik. Evin vəziyyəti ilə tanış oldum, standart şeyləri, qiyməti və ödəniş tarixini razılaşdıq, vəssalam.
Ev işləri
Ev təxminən 50 kvadrat ölçüdədir. Bir yataq otağı, bir də yaşam otağı var (özüm qonaq otağı yazmıram, bu otaq qonaqlar üçün deyil, əsasən özüm üçündür deyə). Mətbəx elə bu yaşam otağının içində və ya onunla birlikdədir. Bir də eyvan var. Soyuducu eyvandadır. Mətbəxə yerləşmədiyindən ora qoyublar, amma xüsusi bir narahatlıq yaratmır. Eyvan özü də bağlıdır.
Evdə tək yaşadığım üçün ev işlərini özüm edirəm yazsam mənim üçün qəribə olar, çünki, mən ailə ilə yaşayanda da əksər ev işlərimi özüm görürdüm. Valideynlərim hər ikisi həmişə işlədiyindən belə şeyləri uşaqlıqdan bilirəm. Qardaşımsa mənə arxalandığından indi öz paltarlarını belə tapa bilmir çox vaxt. (Onun oxumayacağını bildiyim üçün rahat yazıram). Yemək bişirməyə isə xüsusi həvəsim var. Pis də bacarmıram. Əgər edə bilsəm hətta bu yaxınlarda yemək və qida blogu yaratmağa çalışacağam. Onda bəlkə saytımda həm də yeməklər haqqında əlavə olaraq yazaram.
Məişət
Xüsusi bir çətinliyim yoxdur. Əsasən büdcəni idarə etməyə, evi mümkün qədər daha yaxşı formaya salmağa çalışıram. Hamam tam istədiyim kimi deyil amma hər şey tam istədiyimiz kimi olmur çox vaxt. 70 faizə razılaşmaq lazımdır (Baba). İki işıq var, onları dəyişməli olduğumu düşünürəm. İndikilər zəifdir. Hamamdaki işıqlar ağ və güclü olmalıdır təmizlik və sintetik görüntü üçün. Əl-üz yuyanın qarşısındaki güzgü isə niyəsə alçaqdır. Üzümü görə bilmək üçün əyilirəm. Onu ya dəyişməli, ya da yuxarı qaldırmalıyam. Belə xırda detallarla oxuyanları yormaq istəmirəm. Amma deyim ki, yazdıqca həyatın elə bunlardan ibarət olduğunu hiss edirəm. Hamamdaki lampanı dəyişmək və güzgünü biraz yuxarı qaldırmaq. Bunlardan daha vacib nə var həyatda?
Büdcə
Dediyim kimi tək yaşamağın əsas məsələsi bir evi və içində yaşayan bir insanı idarə etməkdir. Bu prosesdəki əsas ünsürlərdən biri büdcədir. Onu açıq deyə bilərəm ki, marketdə qiymətlər ağlasığmaz dərəcədə bahadır. Həm ağlasığmaz dərəcədə bahadır, həm də keçən ilkindən azı 2.5 dəfə (200 faizdən çox inflyasiya). Hər alış-verişdə dəyərindən dəfələrlə yüksək qiymətə bazara çıxarılmasının eyforiyasını yaşayan ərzaqların əzəməti qarşısında məğrur durmaq çətindir. Söz yox ki, bu qiymətlər o ərzaqların yox, etmədiyimiz etirazların, göz yumduğumuz hər ədalətsizliyin, getmədiyimiz hər seçkinin və seçmədiyimiz hər layiqli namizədin qiymətidir. Hissəli şəkildə mağazalarda ödəyirik onları. Ödəməyə də davam edəcəyik. Amma di gəl ki, pomidorun 5 manat olması seçilməyən istənilən namizəddən daha çox incidir adamı (rəhmətlik babamla kəndimizdə pomidor sahələrindən pomidor oğurlamağımız yadıma düşür). Nə qədər qazanırsan qazan, amma pomidora 5 manat vermək heç yaxşı iş deyil. Lakin bu alış-veriş məsələsində bir şeyə qəti qərar vermişəm ki, bu yalnız həftəlik formalarda əvvəlcədən qərarlaşdırdığım büdcə daxilində baş verməlidir. Riqada hər addım başı bir market yox idi deyə orada alış-verişlərimi həftəlik edirdim. Burada əzələlərimin o sistemi xatırlaması 2 ay çəkdi. İndi xırda gündəlik ərzaqları çıxsaq qida alış-verişimi həftəlik edirəm. Hər dəfə Gənclik Mall-daki “Bravo”ya girəndə burada 3.50-ə təklif olunan “Sandora” meyvə şirələrinin “Araz”da 3.35-ə verilməsini xatırlayıb, ətrafda Araz market olmadığına görə məyus oluram. Deyim ki, son vaxtlar “Araz”ın başqa müsbət keyfiyyətlərini də üzə çıxarmışam.
Kommunal
Adətən insanları bu cür təcrübələrin qiymət hissəsi daha çox maraqlandırır. Çünki həmişə etmədiyimiz şeyləri büdcənin üstünə yıxmağı sevirik. Halbuki bir çoxu pulsuz olur. Yenə fəlsəfəyə girməyim. Belə ölçülü evdə kommunal xərclər çox aşağı olur. Əlbəttə, yəqin ki, adam sayı da buna təsir edir. Suya ayda cəmi 2-3 manat ödəyirəm (İçmək üçün hər həftə 3 manatlıq əlavə su sifariş edirəm). İşığa 1 aya 10 manatdan daha az çıxır. Binada qəribə sistem var. Deyirlər gərək ödəyəsən ki, işıq yansın, yoxsa bizə dəxli yoxdur. Blokun girişində lövhə asıb əcəl zəngi kimi mənzil nömrələrini sayğacın yanacağı bitənə yaxın yazırlar həmin lövhəyə. Qazla bağlı düzünü desəm məndən qabaq burada yaşayan kim olubsa, deyəsən, karta elə bir məbləğ vurub ki, yandır-yandır qurtarmır. Hələ 1 qəpik də ödəməmişəm. Allah axırını xeyrə calasın. Ona görə sizə bu haqqda indi heç nə deyə bilməyəcəm. Amma gələcəkdə əlavə edərəm məqalənin sonuna.
Slow Morning
Bura keçəndən “slow morning” deyilən şeydən edirəm hər bazar. Onu edə bilmək üçün 6 gün çox çalışmaq lazım gəlir. Çünki, yavaş, sakit ya da bir dostumun dediyi kimi aram ola bilmək üçün qayğısız olmaq gərəkdir. Qayğısız olmaq üçünsə gərək işləri qaydasında idarə edəsən. İşlər nə qədər qaydasında olsa o qədər qayğısız olursan. Amma yavaş, aram olmaqdan da gərək çəkinməyəsən. Hər şeyə tələsmək lazım deyil.
Amma, əlbəttə, böyük bir ciddiyətlə yaşamaq lazımdır həyatı Nazim Hikmətin dediyi kimi. Bir sincab kimi.
Mənə instagram.com/rzazadetural instagram səhifəsindən və ya [email protected] ünvanından yaza bilərsiniz.






