Bir Azərbaycan gəncinin (tələbəsinin) asudə vaxt keçirmə mərasimi.

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Çox uzun müddət keçməyib. Cəmi 2 il öncəyə qədər hətta universitetin son ilində də bunu müşahidə edir və özüm də eyni şeyi eləyirdim (mən vaxtında hərəkətə keçə bildim). Bir çoxunuz qəbul edərsiniz ki, bu gün Azərbaycan universitetlərində təhsil alan hər 10 tələbədən təxminən 7-si hər gün dərsə getmək üçün evdən çıxır, universitetdə 4 – 6 saat ala bildiyi qədər təhsil alır və bundan sonra günün əsas hissəsinə keçid edir. Təsəvvür edin ki, saat 8.30-da dərsiniz başlayır və ən gec 1.30 – 2-də  bitir. Günün qalan hissəsi nə ilə məşğul olacaqsınız?! Bakıda universitetlərin yanlarından keçəndə ətrafdakı obyektlərin, məkanların nə olduğuna fikir verin. Əksəriyyəti ya çayxana ya da oyun zalları olacaq. Oyun zalları deyəndə konsul oyunlarını təklif edən məkanları nəzərdə tuturam. Bu cür məkanlara girən hər tələbə orta hesabla 3-5 saat vaxt keçirir orda. Çünki ordan başqa gedib asudə vaxtını keçirə biləcəyi həmin qiymətə ya yer yoxdu ya da olanlar hamıya xidmət verməyə kifayət etmir. Təhsil müddətinin böyük hissəsini ya “birtəhər keçərəm” (əksər hallarda bu alınır) ya da imtahanlara bir neçə həftə qalmış sualları əzbərləyib (başqa imtahan formalarında da çox fərqli olmur) həll edərəm düşüncəsilə (əksər hallarda bu da alınır) keçirən tələbə, 4 ilin necə gəlib keçdiyini hiss eləmədən atılır meydana, ən azından onu həyat buna məcbur eləyir.

Əlbəttə, bu 7-likdə xaricə çıxma istəyi olanlar 4-cü kursda, bəzənsə son semesterdə araşdırmalara, xarici dil öyrənməyə başlayır və hansısa yolla hətta təqaüd qazanacağına ümid eləyir. Ancaq, o vacib məqam yaxınlaşanda yolun sonu olduğunu başa düşür və xəyallarını yenidən Azərbaycanla məhdudlaşdırmağa başlayır.

Təəssüf ki, universitetlərin ətrafında yalnız faydasız əyləncə məkanlarını görə bilirsiniz. Əslində tələbə elə bir müştəri kütləsidir ki, heç bir biznes sahibi bu kütlənin üzərinə keyfiyyətli və faydalı bir biznes qurmaq üçün risk eləməz. İlk baxışda elə düşünülə bilər ki, tələbənin maddi vəziyyəti onun keyfiyyətli xidmət almasına imkan vermir, ancaq, kiçik müşahidə ilə başa düşmək olur ki, tələbələrin əksəriyyəti həmin faydasız məkanlarda kifayət qədər pul xərcləyirlər. Bu iki məqam onu göstərir ki, tələbələri asudə vaxtlarını keçirə biləcəkləri yerlə təmin etməyi hansısa iş adamlarının ümidinə qoymaq olmaz. Bu birbaşa dövlətin nəzarətilə, addım-addım (sürətli addımlarla) həyata keçirilməli olan, sağlam cəmiyyət formalaşmasında mühüm rolu olacaq məsələdir. Dövlətin yaradacağı məkanlar, elə universitetlərin ətrafında, tələbələrin ucuz və rahat çata biləcəyi yerlərdə olmalıdır, necəki faydasız məkanlar bunu uğurla edirlər. İkinci məsələdə isə universitetlərin tələbələri təşviq etməsi vacibdir. Bu, özlərinin təşkil etdiyi məkanlarda tələbələrin fiziki və mənəvi inkişafına yönəlik məşğuliyyətlərlə (bu hər növ idman olar bilər) təmin olunması ola bilər. Universitetlərin birgə yaradacaqları universitetlər arası yarışlar, yarışların mükafatla nəticələnməsi tələbələrin asudə vaxtlarını səmərəli keçirtmələrində ciddi rol oynaya bilər. Bu gün neçə universitetin musiqi orkestrinin, idman komandalarının olduğunu axtarsaq, çıxacaq nəticəni təsəvvür etmək çətin olmaz. Olanların səviyyəsi onları hiss edə bilməyəcəyimiz qədər aşağıdır. Axı, neçə universitetin xalq çalğı orkestrinin “Rəşid Behbudov adına dövlət mahnı teatrı”nda konsert verdiyini eşitmişiniz?

Universitet kitabxanaları mütləq şəkildə inkişaf etdirilməli və səvviyəsi artırılmalıdır. Ümumiyyətlə, Bakıda neçə kitabxananın yolunu tanıyırsınız? Bir tələbəyə, gedib istədiyi kimi istifadə edə biləcəyi neçə kitabxananın ünvanını ya da adını deyə bilərsiniz? Bu suallar heç ağlınızdan keçib? Keçibsə buna görə hansısa quruma məktub yazdığınız olub heç? Sağlam cəmiyyətlərdə divanda uzanıb hanısa xüsusi bir qüvvənin hər şeyi edəcəyini gözləmirlər. Sona qədər mübarizə aparırlar.Bütün bu məsələlərin həll olunması və inkişafı üçün ən vacib olan məqam, tələbələrin, Azərbaycan vətəndaşlarının hərəkətə keçməsi, universitetdən və dövlətdən bunu tələb etməsi olduqca vacibdir. Bunun üçün təkliflər və ərizələr uyğun dövlət qurumlarının ünvanına çox asanlıqla göndərilə bilər. Heç kim düzgün, məntiqli, savadlı formada yazılan müraciətdən dolayı nə təqib olunur nə də cəza alır. Xüsusilə də əgər tələbəsinizsə, təklifləriniz tərəqqi yönümlüdürsə mütləq reaksiya veriləcək. Verilməsə necə olacaq? Siz əlinizdən gələni etmiş olacaqsınız və asudə vaxtınızı keçirmək üçün texnologiyanın təklif etdiyi yollara baş vuracaqsınız. Daha sağlam düşüncəyə sahib olub, daha sağlam düşüncəli cəmiyyətlərdə yaşama şansını əldə etmək üçün.

Qeyd: Yazı yazılarkən müşahidələrə əsaslanan rəqəm – 10 tələbədən 7-si – nəzərdə tutulub.

Bilik puldan fərqli olaraq paylaşılanda artan tək hadisədir:

Poçt Qutusu